Quldurluq və xuliqanlıq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ələkbərov noyabrın 25-də saat 23 radələrində A.M.Şərifzadə küçəsində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək mobil telefonunu və noutbukunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum edilmiş Ələddin Hüseynov olduğu müəyyənləşib.
Oktyabrın 31-də paytaxtın Nəsimi rayonu ərazisindən Ağdam rayon sakini E.Aslanovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İslam Abdurahmanzadə də müəyyən edilərək saxlanılıb.