Yanvarın 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında III-IV kursda təhsil alan kursant və müdavimlərin valideynləri ilə görüş keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev 2009-cu ildən fəaliyyətə başlayan bu təhsil müəssisənin qarşısında duran ən başlıca vəzifənin xüsusi ixtisaslı ali təhsilli kadrlarının yetişdirilməsi və onları vətənpərvərlik, dövlət və dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə etməkdən ibarət olduğunu bildirib.
Akademiyanın rəisi diqqətə çatdırıb ki, kursantlar və onların valideynləri ilə görüşlərin keçirilməsi artıq ənənə halını alıb. Valideynlərlə görüşlər keçirməkdə əsas məqsəd fikir mübadiləsi aparmaq, kursantların təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil etməklə yanaşı, gəncləri vətənpərvərlik, ulu öndər Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə etməkdir.
Qeyd edilib ki, Akademiyada peşəkar kadrların yetişdirilməsi və kursantların asudə vaxtlarından səmərəli istifadəsi üçün hər cür şərait yaradılıb. Kursantların tədrisi və təlim-tərbiyələri ilə yüksəkixtisaslı mütəxəssislər məşğul olurlar. Tədris prosesi ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dünya görüşlərinin formalaşması, mədəni səviyyələrinin və fiziki hazırlıqlarının artırılması istiqamətində məqsədyönlü addımlar atılır.
Akademiyanın rəis müavini, polkovnik Aslan Hüseynov kursantlar üçün yaradılmış şəraitdən, tədris, təlim-tərbiyə işlərinin yüksək səviyyədə qurulmasında valideyn münasibətlərinin əhəmiyyətindən bəhs edib. Kursantların təhsildə qazandıqları uğurlar və bəzi nöqsanlar valideynlərin diqqətinə çatdırılıb.
Daha sonra valideynlərlə müvafiq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən valideynlər keçirilən səmərəli görüşə və onların övladları üçün yaradılmış hərtərəfli şəraitə görə təşəkkürlərini bildiriblər.
Tədbirdən sonra valideynlər övladlarının yaşayış şəraitləri ilə yaxından tanış olublar.