hia.az
hia.az

Azərbaycanda ilk dəfə Talassemiya Mərkəzində xüsusi metodla alınan kök hüceyrələr klinik praktikada tətbiq edilib

253 dəfə baxılıb 21-01-2019, 12:35

Azərbaycanda ilk dəfə Talassemiya Mərkəzində xüsusi metodla alınan kök hüceyrələr klinik praktikada tətbiq edilib
Azərbaycanda xarici və yerli mütəxəssislərin iştirakı ilə uzun müddət xəstəlikdən əziyyət çəkən iki nəfərə sümük iliyi və yağ toxumalarından əldə edilən kök hüceyrələrin transplantasiyası həyata keçirilib. Bununla da Azərbaycanda ilk dəfə Respublika Talassemiya Mərkəzində xüsusi metodla alınan kök hüceyrələr klinik praktikada tətbiq edilib.

Bu barədə AZƏRTAC-a mərkəzdən bildirilib.

Baldırının aşağı 1/3 hissəsində əmələ gələn və bütün müalicə tədbirlərinə baxmayaraq, sağalmayan spontan yaradan əziyyət çəkən 51 yaşlı qadına kök hüceyrə terapiyası aparılıb. Sol ayaqda dərin vena trombozu ilə başlayan və iki ildən artıq müddətdə sağalmayan yara ətrafına kök hüceyrələrin köçürülməsi əməliyyatı həyata keçirilib.

Diz oynağı artrozundan və şiddətli ağrılardan əziyyət çəkən ikinci xəstənin oynağı daxilinə isə öz adipoz (piy) toxumasından liposaksiya üsulu ilə alınmış kök hüceyrələr köçürülüb.

Yaraya köçürülən kök hüceyrələri Talassemiya Mərkəzinin hematoloqları xəstənin qalça sümüyündən alıblar. Mərkəzin aferez mütəxəssisləri “Harvest” cihazında sümük iliyi və piy toxumasından kök hüceyrələri ayıraraq transplantasiya üçün hazırlayıb.

Qeyd edək ki, Talassemiya Mərkəzində indiyədək talassemiyadan və leykozdan əziyyət çəkən 70-dən çox xəstəyə uğurla sümük iliyi (kök hüceyrə) transplantasiyası həyata keçirilib. Mərkəzdə yeni texnologiya ilə mezenximal kök hüceyrə terapiyasının tətbiqindən sonra isə bir sıra xroniki xəstəliklərin müalicəsi üçün xarici ölkələrə üz tutmağa ehtiyac qalmayacaq.

Kök hüceyrələrin müalicədə tətbiqinə həsr olunan seminarda çıxış edən Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov seminara qatılan diplomatik nümayəndələrə, xarici və yerli mütəxəssislərə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə tibbi xidmətin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işlər sayəsində artıq Talassemiya Mərkəzi regionun referens mərkəzi kimi qəbul edilir.

Mərkəzin icraçı direktoru yeni metodla əldə edilən kök hüceyrələrlə müalicənin əhəmiyyətindən danışıb, “Kök hüceyrə və kök hüceyrə transplantasiyasının əsasları” barədə məruzə edərək, “TerumoBCT” şirkətinə bu sahədə dəstək üçün təşəkkürünü bildirib.

Seminarda iştirak edən Belçikanın Azərbaycandakı səfirinin müavini Denis Naets yerli mütəxəssislərə uğurlar diləyərək ölkəsini təmsil edən şirkət ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Şirkətin Azərbaycan və Mərkəzi Asiya üzrə nümayəndəsi Arif Cəbrayılov çıxışında ölkəmizə yeni gətirilmiş “Harvest” cihazının bir sıra xəstəliklərin, o cümlədən artroz, diabetik ayaq və s. kimi xroniki patologiyaların müalicəsində istifadə imkanlarından danışıb. Bildirilib ki, bu metodla eyni zamanda bəzi xəstəliklərin müalicəsində geniş istifadə edilən yüksək keyfiyyətli PRP (trombositlə zəngin plazma) də əldə olunur.

Tədbirdə xaricdən dəvət olunmuş mütəxəsisslər, ortoped-cərrah Dmitras Tsoukas (Yunanıstan), damar cərrahı Boris Pavlov (Belarus) və “Terumo BCT” şirkətinin regional meneceri Anuar Botabayevin (Qazaxıstan) elmi məruzələri dinlənilib.

Seminar Bakı şəhərinin müxtəlif tibb müəssisələrindən olan elm adamlarının, mütəxəssislərin müzakirələri ilə davam edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi