hia.az
hia.az

SOCAR nanohissəciklərin istehsalına başlayıb

230 dəfə baxılıb 28-12-2018, 12:41

SOCAR nanohissəciklərin istehsalına başlayıbSOCAR-ın öz imkanları ilə istehsal edilən nanohissəciklər istehsalat proseslərində səmərəliliyi artıracaq və idxalı əvəzləyəcək.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda nanohissəciklər istehsal edən avadanlığın istismara verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə, vitse-prezidentlər Bəhram Hüseynov və Yaşar Lətifov, yeni avadanlığın hazırlanması layihəsində şirkətin tərəfdaşı olan Rusiyanın “Rostovıye Texnologiyi” şirkətinin baş direktoru Pavel Fyodorov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun və “Nanotexnologiyalar” Departamentinin rəhbərliyi iştirak edib.

SOCAR-ın baş ofisinin “Nanotexnologiyalar” Departamenti 2016-2020-ci illər üçün “Nanoneft” proqramı çərçivəsində növbəti illərdə nanotexnologiyaların tətbiq istiqamətlərinin və coğrafiyasının daha da genişləndirilməsini, bununla bağlı istifadə ediləcək metal nanohissəciklərin miqdarının xeyli artacağını nəzərə alaraq Rusiyanın “Rostovıye Texnologiyi” şirkəti ilə birgə nanohissəciklər istehsal edən yeni avadanlıq layihələndirib, eyni zamanda, avadanlıq üçün elektrik partlayışı üsuluna əsaslanan istehsal texnologiyası işləyib. “Neftqazelmitədqiqatlayihə” İnstitutunda quraşdırılan bu avadanlıq müxtəlif ölçülü metal nanohissəcikləri istehsal etməyə imkan verir. Texnoloji proses zərərli kimyəvi maddələrdən istifadə etmədən az miqdarda inert qaz sərf etməklə qapalı şəraitdə aparılır. Yeni avadanlıqda xüsusi səth sahəsi 25-30 m2/qr olan, 20-100 nm ölçülü müxtəlif metalların nanohissəcikləri istehsal ediləcək. Əldə edilən nanohissəciklər daha sonra qazma, hasilat və digər istehsalat proseslərinin səmərəsini artırmaq üçün nanosistemlərin hazırlanmasında istifadə olunacaq.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə deyib: “İkiillik əməyin nəticəsi olan, metal və qeyri-metal nanohissəcikləri istehsal edən avadanlığın istismara verilməsi bu sahədə çəkilən xərclərin azaldılması və xaricdən asılılığın aradan qaldırılmasına xidmət edir. Bu avadanlığın məhsulundan gələcəkdə ölkə daxilində digər qurumlar da istifadə edə bilərlər”.

Qeyd edək ki, SOCAR-ın “Nanotexnologiyalar” Departamenti neft-qaz sənayesində nanotexnologiyaların işlənməsi, tədqiqi və tətbiqi ilə məşğuldur. Departamentdə işlənmiş metal nanohissəciklər əsaslı nanosistemlər hasilat, qazma, neftin nəqli, neft-kimya və ekologiyada tətbiq olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi