hia.az
hia.az

Əmlak Məsələləri Dövlət Komitəsi: “Özəlləşdirilmə portalı”na baxış sayı 2 milyonu ötüb

269 dəfə baxılıb 28-12-2018, 12:40

Əmlak Məsələləri Dövlət Komitəsi: “Özəlləşdirilmə portalı”na baxış sayı 2 milyonu ötübƏmlak Məsələləri Dövlət Komitəsinin “Özəlləşdirilmə portalı”na baxış sayı 2 milyonu ötüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsi, prosesə investorların daha rahat qatılması üçün “Özəlləşdirilmə portalı” əlverişli platformadır. Bununla, Azərbaycanda özəlləşəcək bütün dövlət əmlakları vahid məkanda cəmləşib və həmin obyektləri bir virtual məkandan əldə etmək mümkündür. Sayt özəlləşdirmə prosesində çevikliyin, şəffaflığın, optimallığın təmin edilməsində, iri müəssisələrin özəlləşdirilməsində, büdcə daxilolmalarının artırılmasında bir növ dəstək mexanizmidir.

Portalın fəaliyyəti əmlak sahibi olmaq üçün lazım olan prosedurları olduqca sadələşdirib. Yeni yanaşmaların tətbiq edildiyi portala daxil olmaqla bütün prosesləri elektron üsullarla həyata keçirmək mümkündür. Belə ki, investor sayt vasitəsilə elektron qaydada seçdiyi əmlaka sifariş verə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Başqa sözlə, sayt vasitəsilə investor heç bir yerə getmədən internet vasitəsilə onlayn rejimdə hərracda iştirak edə bilir. Portal sayəsində keçirilən hərracları canlı izləmək də mümkündür.

Özəlləşməyə çıxarılan əmlaklar həm Bakı və onun ətraf rayonlarında, həm də digər bölgələrimizdə yerləşir. Həmin dövlət əmlaklarının elanları bir ay öncədən portalda yerləşdirilir. Bu əmlaklara sifariş vermədən öncə onlar haqqında geniş məlumat əldə etmək olur. Belə ki, investorlar sifariş verəcəyi əmlakın hərraca çıxarılan ilkin start qiyməti, ümumi faydalı sahəsi, ödəyəcəyi 10 faiz behin məbləği, yerləşdiyi ünvan və digər məlumatlarla tanış ola bilər. Müəssisə haqqında geniş informasiya əldə edən investor həmin əmlakın hərracında iştirak etməyə qərar verirsə “Sifariş ver” düyməsinə keçməsi lazımdır. Daha sonra yeni açılan pəncərədə istifadəçi E-Hökumət portalına giriş vasitələrindən birini seçməklə xidmətə daxil olur. Portalda qeydiyyatdan keçmək, sifariş vermək, hərracda onlayn iştirak etmək, bir sözlə bütün proseslər elektron üsullarla həyata keçirilir.

Özəlləşdirilməyə çıxarılan iri müəssisələr də investorlar üçün gələcək fəaliyyətində yeni imkanlar açır. Portalda həmin müəssisələrin əsas istehsal sahələri və onların qısa xarakteristikası, investisiya qoyuluşunda üstün cəhətlər, müəssisənin imkanları, bazarda mövcud olan rəqiblər və onların xüsusi çəkisi haqqında ətraflı məlumatlar yerləşdirilib. Bu isə investora gələcək fəaliyyətini planlaşdırmağa, bazarı ətraflı təhlil etməyə, mövcud riskləri analiz etməyə imkan verir.

Portalda yerləşdirilən səhmdar cəmiyyətlərin səhm paketləri, nizamnamə kapitalı, fəaliyyət sahəsi haqqında da təfərrüatlı məlumatlar əksini tapır. Səhmdar cəmiyyətlərin bəziləri investisiya müsabiqələri vasitəsilə özəlləşdirilir. Həmin müsabiqə haqqında məlumatlar bir ay öncədən portalın müvafiq bölməsində yerləşdirilir. Saytda müsabiqəyə çıxarılan müəssisələr fəaliyyət sahələri üzrə müxtəlif kateqoriyalara bölünüb. İnvestorlar sənaye, aqrar sahə, inşaat, xidmət, səhiyyə, telekommunikasiya, nəqliyyat sahələrinə aid olan müəssisələrin siyahısı ilə tanış ola bilər. Müsabiqənin keçirilməsində məqsəd isə qeyri-neft sektoruna aid müəssisələrin özəlləşdirilməsi və özəlləşdirmədən sonra istehsal proseslərin genişləndirilməsidir.

Kiçik dövlət müəssisəsi və obyektləri də məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aid olmaqla investorlar üçün seçim imkanını artırır. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdirilir. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılır.

İstifadəçilər portalda özəlləşdirməyə çıxarılan nəqliyyat vasitələrinin vizual görüntüsü, buraxılış ili, ilkin start qiyməti ilə tanış ola bilir. Nəqliyyat vasitələrinin markaları isə müxtəlif olur. Özəlləşdirməyə hər növ minik avtomobilləri, yük maşını, kənd təsərrüfatı texnikası çıxarılır.

Saytda yerləşdirilən “Özəlləşdirmə gündəliyi 2019” başlıqlı bölməyə daxil olmaqla da özəlləşdirməyə yeni açılan dövlət müəssisə və obyektləri, investisiya müsabiqələri, səhmdar cəmiyyətləri ilə ətraflı tanış olmaq mümkündür.

Portalda, həmçinin “onlayn məsləhət pəncərəsi” də fəaliyyət göstərir. Məqsəd isə özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılmasıdır. “Onlayn məsləhət pəncərəsi” vasitəsilə hərracların vaxtı, çıxarılan əmlaklar, nəticələr və s. barədə suallar cavablandırılır. Ziyarətçilər həftə içi 5 gün saat 9:00-dan 18:00-a qədər nahar fasiləsi və bayram günləri istisna olmaqla portal vasitəsilə onlayn məsləhət ala bilər. Qeyri-iş günlərində ünvanlanan suallar isə növbəti iş günündə cavablandırılır.

Ölkə vətəndaşları ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Gürcüstan, Polşadan portalı izləyənlərin sayı kifayət qədərdir. Əcnəbi investorların portala marağının artması isə Azərbaycanda özəlləşmə prosesinində aktiv dinamikanın müşahidə edilməsinə, investisiya mühitinin daha da sağlamlaşmasına, xarici bazarlara çıxış imkanlarının artmasına, ixrac potensialımızın yüksəlməsinə şərait yaradır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi