hia.az
hia.az

Pezeşkian dönəmi: İran xarici siyasətində nə(sə) dəyişəcək?

32 dəfə baxılıb 13-08-2024, 16:12

Pezeşkian dönəmi: İran xarici siyasətində nə(sə) dəyişəcək?

"Məsud Pezeşkian İran siyasətində illərdir ki, davam edən monotonluğu tarazlaşdıraraq 54 faiz səslə prezident seçildi. Seçki prosesi və nəticələr Pezeşkiandan gözləntiləri anlamaq üçün vacibdir".

Bu, "Anadolu" agentliyində yayımlanmış Sakarya Universitetinin Yaxın Şərq İnstitutunda çalışan Dr. Mustafa Canerin qələmə aldığı "Pezeşkian dönəmində İran xarici siyasəti necə şəkillənəcək?" başlıqlı analizində qeyd olunub.

Müəllif qeyd edir ki, Pezeşkiana səs verənləri iki yerə bölmək olar: dəyişiklik istəyənlər və radikal mühafizəkar siyasət istəməyənlər. Birinci hissəyə islahatçılar, mötədillər və etnik və məzhəb azlıqları, ikinci hissəyə isə ənənəvi mühafizəkarlar daxildir. Demək olar ki, hər iki qrupun ortaq gözləntiləri var və bunları Pezeşkianın diskursunda tapıblar.

Materialda deyilir ki, Pezeşkianın əsas siyasi məqsədləri ölkə daxilində xalqla dövlət arasında gərgin münasibətləri sakitləşdirmək və xaricdə müharibə və münaqişə zonalarının genişləndiyi kontekstdə İranı təhlükəsiz bölgə kimi yerləşdirməkdir. Təbii ki, iqtisadiyyat kimi mühüm böhran sahəsi var ki, onun kölgəsində illərdir ictimai-siyasi həyat formalaşıb və yeni prezidentin işinin əhəmiyyətli hissəsi bu sahəyə yönələcək.

"Pezeşkiandan gözlənilənlərin baş tutub-tutmayacağını hakimiyyətlə sistemdəki digər güc mərkəzlərinin siyasi qarşılıqlı fəaliyyəti müəyyən edəcək. Dini lider ayətullah Əli Xameneinin bu aktorlara mesajı “Yeni prezidentlə harmoniyada çalışın” olub. Onun çağırışına nə qədər cavab veriləcəyini yeni dövrdə görəcəyik. Lakin Nazirlər Kabinetinin formalaşması mərhələsində keçmiş xarici işlər naziri Cavad Zəriflə bağlı aparılan müzakirələr göstərir ki, bizi harmoniya deyil, gərginlik və debatlar gözləyir. Digər tərəfdən, Pezeşkiyanın namizədliyi və seçilməsinin seçkilərdə iştirakın artırılması məqsədi ilə məhdudlaşmaması Pezeşkian hökumətindən bəzi hərəkətlərin gözlənildiyini göstərir. Bunlardan ən mühümləri xüsusilə Məhsa Əminin ölümündən sonra ölkə daxilindəki siyasi dalana dirənişin aradan qaldırılması və siyasi sistemdən uzaqlaşmaya son qoyulmasıdır. Xameneinin bununla bağlı Pezeşkiyanı dəstəkləməyə davam edəcəyi anlaşılır", - materialda vurğulanıb.
Pezeşkian dönəmi: İran xarici siyasətində nə(sə) dəyişəcək?

İranın xarici siyasəti yeni dövrdə necə formalaşacaq?

Yazı müəllifinin fikrincə, İranın xarici siyasəti və xüsusən də regional siyasəti mürəkkəb bir sahədir. Çünki müxtəlif aktorlar bu sahədə söz sahibidirlər. Prezident güclü fiqur kimi proseslərə təsir etsə də, yekun qərar ona aid deyil. Ali Milli Təhlükəsizlik Şurası və Məclis kimi digər güclü aktorlar da İranın xarici siyasətində qərar qəbul edənlər kimi yer alır. Bundan əlavə, SEPAH-ın sahədə regional siyasətə təsir etmək imkanları çox yüksəkdir.

Analizdə qeyd olunub ki, prezident dəyişikliyinin İranla bağlı geosiyasi məsələlərə radikal təsir edəcəyi gözlənilməməlidir. Bəzi məsələlərdə dini liderin məqsədəuyğun hesab etdiyi məhdud genişləndirmələr ola bilər, lakin radikal dəyişikliklərin mümkünlüyü az görünür. Məsələn, İran tərəfinin birbaşa xarici siyasət və iqtisadiyyat sahələrinə aid olan nüvə sanksiyaları ilə bağlı atacağı addımların ritmini Pezeşkian hökuməti müəyyən etsə də, bu addımların ölçüsünü Xamenei müəyyən edəcək.

Canerin qənaətinə görə, məlumdur ki, Xamenei ABŞ-la birbaşa danışıqların tərəfdarı deyil. Digər tərəfdən, İran tərəfi danışıqlara hazır olsa belə, ölkədəki siyasi təlatümlərə görə ABŞ tərəfinin İrana qarşı sabit və vahid siyasət həyata keçirə bilməyəcəyi aydındır. Ona görə də İran ən azı ABŞ-da prezidentlik düyününün həllini və yeni prezidentin öz administrasiyasının işləməsi üçün sərf edəcəyi minimum vaxtı gözləməli olacaq.

Müəllif xatırladır ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) haqqında qərarının müddəti 2025-ci ilin oktyabrında başa çatacaq. Bu tarixdən sonra nüvə sazişini canlandırmaq mümkünsüz görünür. Beynəlxalq konyukturanın yeni nüvə sazişi üçün uyğun olmadığını söyləmək olar. İran və Rusiya arasında münasibətlərin yaxşılaşması Qərbin İranla razılaşmaq istəməməsinin ən mühüm səbəblərindən biridir. Təbii ki, İran və ABŞ nümayəndə heyətləri arasında davamlı olaraq gizli görüşlər keçirilir. Oman uzun illərdir ki, bu danışıqlara ev sahibliyi edir. Buna görə də İran və ABŞ arasında məhdud anlaşma memorandumları mümkündür. Çox güman ki, bu razılaşmalar İranın təsir dairələri və İranın təsiri altında olan silahlı qruplarla bağlıdır.
Pezeşkian dönəmi: İran xarici siyasətində nə(sə) dəyişəcək?

Zəngəzur Dəhlizi və İnkişaf Yolu layihəsi siyasətində heç bir dəyişiklik gözlənilmir

Materialda bu yarımbaşlıq altında İraqdakı İnkişaf Yolu və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR-i birləşdirən Zəngəzur Dəhlizi layihələrinə toxunulur: "İnkişaf Yolu Layihəsi və Zəngəzur Dəhlizi İranın xarici siyasətində Türkiyəni də narahat edən iki mühüm geosiyasi məsələ kimi önə çıxır. Əslində İran dövlətinin hər iki məsələyə müəyyən perspektivi var. Aydındır ki, bunu Pezeşkian dəyişdirə bilməz. Bununla belə, Pezeşkianın bəzi xüsusiyyətləri onun performativ gücünü və üstünlüyünü gücləndirməyə xidmət edə bilər. İran Naxçıvanla Azərbaycanı birləşdirən və regional tənlikdə (Tehranın - red.) çəkisini azaldan Zəngəzur Dəhlizi layihəsini sərhəd dəyişikliyi kimi qiymətləndirdiyini və buna “imkan verməyəcəyini” dəfələrlə vurğulayıb. Tərəflər alternativ layihələr üzərində işləməyə başlayıblar. İran və Azərbaycan arasında son illərdə yaşanan gərginlik sərhədin hər iki tərəfində türk icmalarının (Güney Azərbaycan türkləri nəzərdə tutulur - red.) emosional reaksiyaları ilə İran dövlətinə mənfi təsir göstərib".

Müəllif iddia edir ki, bu məqamda Pezeşkianın "vurğulamaqdan heç vaxt çəkinmədiyi və üstəlik qürur duyduğu türk kimliyi" bölgə türkləri ilə İran dövləti arasında soyuqluğun aradan qaldırılmasında funksional olacaq.

Qeyd olunub ki, digər tərəfdən Türkiyənin İraqla birlikdə həyata keçirməyə çalışdığı İnkişaf Yolu Layihəsi iqtisadi, siyasi, sosial və hətta hərbi baxımdan regional tarazlıqları dəyişdirmək potensialına malikdir. Bu cür əhatəli layihələrə nail olmaq güclü siyasi iradə və qətiyyət tələb edir. İran tərəfi də məsələyə bu cür əhatəli layihənin özü üçün hansı nəticələr verə biləcəyi ilə yanaşır. 2005-ci ildən bəri İraqda təsirini getdikcə artıran İranın Türkiyənin İnkişaf Yolu Layihəsi ilə bölgədəki təsirini artıracağından qorxması böyük ehtimaldır.

"Məsələnin digər tərəfi isə İranın İraqın bu layihə vasitəsilə qazanacağı iqtisadi və siyasi kapitala yanaşması, ölkəni siyasi subyektə çevirməsidir. Eynilə, İranın “İraqı itirmək” narahatlığının da burada ön plana çıxması mümkündür. İran tərəfindən layihə ilə bağlı rəsmi olaraq heç bir neqativ bəyanat verilmir. Lakin bu və buna bənzər geosiyasi hesablamalar İran tərəfinin İnkişaf Yolu Layihəsinə yanaşmasını formalaşdıracaq. Bu məqamda Pezeşkiyanın təsirinin zəif olacağını söyləmək olar. Təbii ki, İranın da layihədə iştirak etməsi mümkündür. Mümkün ssenari o ola bilər ki, İran açıq şəkildə layihənin əleyhinə olmaqdansa, layihənin bir hissəsi kimi Bağdaddakı təsiri ilə layihəni öz maraqlarını maksimum dərəcədə artıracaq şəkildə formalaşdırmağa çalışacaq", - analizdə deyilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi