Bakıda I Azərbaycan-Türkiyə ürək-damar cərrahiyyəsi konfransı təşkil edilib
Dekabrın 22-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında I Azərbaycan-Türkiyə ürək-damar cərrahiyyəsi konfransı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konfransda yerli həkimlərlə yanaşı, Türkiyədən mütəxəssislər də iştirak ediblər.
Tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru Rauf Bəylərov dünyada ürək-damar xəstəliklərinin ölüm hallarının əsas səbəbi olduğunu deyib. O bildirib ki, xəstəlik vaxtında aşkarlanarsa və zəruri tədbirlər görülərsə, müsbət nəticələr əldə etməklə yanaşı, ölüm hallarının qarşısı alına bilər. Prorektor konfransın məqsədinin ürək-damar cərrahiyyəsində tətbiq olunan müasir metodların müzakirəsi və təcrübə mübadiləsi olduğunu deyib.
Konfrans müxtəlif mövzularda məruzələr və müzakirələrlə davam etdirilib.