hia.az
hia.az

Bakıda sakinlər üç gündür susuz qalıb: Borcu kim ödəməlidir?

292 dəfə baxılıb 27-12-2018, 13:29

Bakıda sakinlər üç gündür susuz qalıb: Borcu kim ödəməlidir?Yeni Günəşli qəsəbəsi, “D” massivində “Çənlibel” MTK-ya məxsus hündürmərtəbəli binada artıq üç gündür ki, su yoxdur. Məsələ burasındadır ki, problem “Azərsu” ASC-i ilə yox, “Azərişıq” ASC-i ilə əlaqəlidir.

Mövcud problemlə əlaqədar hia.az-a sözügedən binada yaşan sakinlərdən biri Musa Musayev müraciət edib.

Onun sözlərinə görə, üç gündür bina sakinlər suya həsrət qalıblar:

“Artıq üçüncü gündür ki, binada su yoxdur. Söhbət Yeni Günəşli qəsəbəsi, “D” massivində tikilən “Çənlibel” MTK-ya məxsus hündürmərtəbəli binadan gedir.

375 mənzildən ibarət binadır, min nəfərdən çox sakin yaşayır. MTK ilə qurum arasında müəyyən məbləğdə borc olduğu üçün narazılıq yaşanıb. Amma bunun əziyyətini sakinlər çəkir. Bizim hüquqlarımızı pozurlar. MTK rəsmiləri ilə yanaşı “Azərişıq” ASC-ə də müraciət etmişik, heç kim problemin həllində bizə köməklik göstərmir”.

Sakinlər iddia edir ki, bu məsələdə onların heç bir rolu yoxdur, “Çənlibel” MTK-nın sədri Vüsal Abdullayev isə iddia edir ki, binada yaşayan sakinlər vaxtı-vaxtında kommunal xidmətlərini ödəmədikləri üçün borc yığılıb:

“Binada 375 mənzil var. Doğrudur ki, bizim “Azərişıq” ASC-ə son iki il ərzində ümumi olaraq toplanan müəyyən məbləğdə borcumuz var.

Amma bu problemin yaranması da, həlli də vətəndaşlardan asılıdır. Dəfələrlə bina sakinlərinə vaxtı-vaxtında kommunal xidmətlərə olan borclarını ödəmələri tövsiyə edilib.

Vətəndaşlar kommunal xidmətlərə olan borclarını ödəmək istəmirlər. Hazırda lift işləyir, binada işıqlandırma var. Sadəcə olaraq mənzillərin su təchizatını tənzimləmək üçün motorun fəaliyyətini təmin edən elektrik enerjisinin verilişi dayandırılıb.

Son olaraq dünən 1000 manat ödəniş etmişik. Ödənişdən sonra elektrik enerjisi bərpa edildi, lakin bu gün yenidən qurumun əməkdaşları gəlib elektrik enerjisini kəsdilər. 375 mənzildən sadəcə 100-150 mənzil sakinləri mütəmadi olaraq kommunal borclarını ödəyir. Digər vətəndaşlar arasında 300 manatdan 1000 manata qədər borcu olanlar var. Hazırda “Azərişıq” ASC-i ilə danışıqlar aparırıq”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-i ilə də əlaqə saxladıq. Qurumun müvafiq şöbəsindən verilən məlumata görə, “Çənlibel” MTK-nın 20 min manatdan çox borcu olduğu üçün elektrik enerjisinin verilişi dayandırılıb:

“Çənlibel” MTK-nın elektrik enerjisinə olan borcunu ödəməyib. Yekun olaraq 20 min manatdan çox borcu var. Borcun çox az hissəsini ödəmədikləri üçün elektrik enerjisinin verilişi bərpa edilməyib.

Onu da qeyd edək ki, dekabr ayının 25-ə qədər mövcud borcların ödənilməsinə dair xəbərdarlıq vermişdik. Lakin bu xəbərdarlığa əhəmiyyət verilməyib. Mövcud borcun heç olmasa yarısı qədər ödəniş edilsə, elektrik enerjisinin verilişi bərpa edilə bilər.

Vətəndaşların şikayətini başa düşürük, amma bu məsələ birbaşa bina sakinləri ilə MTK arasında həll olunmalıdır.

Bizim abonentlər elektrik sərfiyyatına olan borclarını ödəyirlər və elektrik enerjisi fasiləsiz olaraq təmin edilir. Bu isə ümumi istifadə üçün nəzərdə tutulmuş sərfiyyatdır ki, bunun ödənilməsi üçün də qurum ilə MTK rəhbəri arasında müqavilə imzalanıb. Müqavilənin də şərtlərinə uyğun olaraq tədbirlər görülüb”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi