Vaşinqtondakı Xəzər Siyasi Mərkəzi yeni hesabat dərc edib. AZƏRTAC xəbər verir ki, bu sənəddə region ölkələrinin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edən bəzi infrastruktur sistemlərinin – Xəzər regionunda elektrik təchizatı şəbəkəsinin, telekommunikasiya və informasiya sistemlərinin, habelə nəqliyyat yollarının spesifikası və problemləri ətraflı təsvir edilib. Gizli deyil ki, ictimaiyyət və biznes bu sistemlərin fasiləsiz və etibarlı işləməsinə güvənir.
Xəzər regionunda, Mərkəzi Asiyada və Qafqazda enerji, nəqliyyat, informasiya və digər infrastruktur obyektlərinin tikintisi və yeniləşdirilməsi ilə bağlı, dəyəri milyardlarla ölçülən yeni iri layihələr həyata keçirilir. Çin, Mərkəzi və Cənubi Asiya ilə Qərbi bağlayan Yeni İpək Yolu, “Bir kəmər, bir yol” layihəsi, Lazurit dəhlizi və digər layihələr genişləndikcə, Birləşmiş Ştatların və Qərbi Avropanın bu sistemlərin bütövlüyünün qorunmasına marağı artır.
Xəzər Siyasi Mərkəzinin Qafqazda və Mərkəzi Asiyada mühüm infrastruktur obyektlərinin modernləşdirilməsinə və qorunmasına həsr edilmiş yeni tədqiqatında elektrik təchizatı şəbəkələrinin, neft və qaz hasilatı və nəqli obyektlərinin, genişlənməkdə olan yerüstü nəqliyyat sistemlərinin, habelə internet şəbəkəsinin və informasiya texnologiyalarının üzləşdiyi təhdidlər nəzərdən keçirilir və müzakirə edilir. Tədqiqat müəlliflərinin tövsiyələri təhdidlərin aşkar olunması və qərarlar qəbul edilməsi üçün biznes, hökumətlər və tədqiqat institutları arasında qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan uzunmüddətli münasibətlərin inkişaf etdirilməsinin, regional əməkdaşlığı genişləndirməyin, mühüm infrastruktur obyektlərinin müdafiəsini region ölkələrinin, ABŞ-ın və digər qərbli tərəfdaşların əsas vəzifələrindən biri hesab etməyin zəruriliyi üzərində cəmləşib.
Hesabatın tam mətni ilə tanış olmaq üçün bu linkə müraciət edə bilərsiniz: http://www.caspianpolicy.org/wp-content/uploads/2019/01/PROTECTION-AND-MODERNIZATION-OF-CRITICAL-INFRASTRUCTURE_-KEY-TO-PROSPERITY-AND-SECURITY.pdf