hia.az
hia.az

Rəsmi təkcə görərək yox, qoxlayaraq zövq almağın yolu - MÜSAHİBƏ

214 dəfə baxılıb 24-12-2018, 13:22

Rəsmi təkcə görərək yox, qoxlayaraq zövq almağın yolu - MÜSAHİBƏHər kəsin yaxşı tanıdığı, dünyada məşhur olan, hər səhər içdiyiniz kofenin incəsənət nümunəsi ola biləcəyini düşünmüsünüz? Yoxsa üzərinizə töküləndə ancaq çirkləndirdiyinin şahidi olmusunuz?

Kofe art müasir və yeni sənət sahəsi kimi səslənsə də, əsrlər öncə yaranıb. Qədim zamanlarda çinli rəssamlar rəsmlərinə xüsusi rəng qatmaq üçün çaydan istifadə edirdilər. Avropada bir çox rəssamlar bundan ilhamlandılar və kofe Avropaya gəldikdə, onunla rəsmlər yaratmağa başladılar.

Son illər dünyada yayılmaqda olan bu sənət növü rəsmləri boya ilə deyil, kofe ilə yaratmaqdan ibarətdir.

hia.az Azərbaycanda yegane kofe art ustası olan Elvina Kərimlə müsahibəni təqdim edir:

- Sizi tanımayanlar üçün özünüzü təqdim edin.

- Elvina Kərim, 22 yaşım var. Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsini bitirmişəm.



- Bu işi görməyə nə vaxtdan başlamısınız və bu, necə ağlınıza gəldi? Nədən ilhamlandınız?

- Bu işə başlamağım tamamilə təsadüfi olub. Birinci kursda oxuyanda hər bir tələbə kimi, mən də fərqli bir şey etmək istəyirdim, memarlıq fakültəsində təhsil aldığım üçün digər incəsənət fakültələri kimi sərbəst işlər rəsmlə bağlı olurdu.

Bunu fərqli üsulla etmək üçün kağızları kofe ilə köhnəldirdim, sonra həmin kağızın üzərində qələmlə rəsm çəkirdim. “Niyə rəsmin özünü kofe ilə çəkməyim?” deyə düşündüm və sınadım. Uğurlu alındı, beləcə, davam etdim. Maraq gördükcə işi böyütdüm, portret və başqa üsullarda rəsmlər çəkməyə başladım.



- Ən çox nə çəkməyi sevirsiniz?

- Ən çox portret çəkməyi sevirəm, həm qələmlə, həm də kofe ilə. Amma hazırda digər üsulları da sınayıram. Çünki təkcə portret insanlara o qədər də maraqlı gəlməyə bilir. Buna görə də mənzərə rəsmləri çəkməyə və digər üsullara yönəlirəm.

- Rəsmlər nə qədər müddətə başa gəlir?

- Şəkillərin hazır olma vaxtı istəyimdən asılı olaraq dəyişir. Həvəslə, çox istəyərək başladığım rəsmi bir günə, bir neçə saata da bitirə bilirəm. Motivasiyam yoxdursa, “ilham pəriləri”m gəlməyibsə, o rəsmi bir neçə günə, bəzən bir neçə həftəyə çəkirəm. Ən çox bir şəklin üstündə iki ay işləmişəm.



- Sərgi keçirmisiniz və gələcəkdə keçirmək fikriniz var?

- Noyabr ayında ilk fərdi sərgim keçirildi. Artıq Azərbaycanda sərgi keçirdiyim üçün gələcəkdə xaricdə sərgi keçirməyi planlayıram. Beş ilə bizə yaxın olduğu üçün Türkiyədə sərgi keçirməyi düşünürəm.

- Gələcək üçün digər planlarınız nələrdir? Bu sənəti hobbi kimi davam etdirmək istəyirsiniz, yoxsa?

- Karyeramı yalnız rəssam kimi davam etdirməyin uğursuz fikir olduğunu düşünürəm. Rəssamlıq maddiyyət gətirmədiyi üçün karyeramı dizayner kimi davam etdirirəm. Amma rəssamlığı heç vaxt kənara qoymaram, çünki bu, məndə uşaqlıqdan gəlir. Sağlamlığım, ömrüm imkan verdikcə bunu hobbi kimi davam etdirəcəm.



- Kofe art kursu açmağı düşünürsünüz?

- Düşünmürəm, amma rəsm bacarığı olanlar bunu öyrənə bilərlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi