hia.az
hia.az

Ağarəhim Quliyev: Parisdə Ulu Öndərin xatirəsinə həsr olunan mərasimdə onun sevdiyi musiqini ifa etmək mənim üçün böyük şərəfdir

266 dəfə baxılıb 15-12-2018, 14:28

Ağarəhim Quliyev: Parisdə Ulu Öndərin xatirəsinə həsr olunan mərasimdə onun sevdiyi musiqini ifa etmək mənim üçün böyük şərəfdirParisdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimində onun sevdiyi musiqini ifa etmək mənim üçün böyük şərəf idi. Ümummilli Lider həmişə gənclərə, mədəniyyətimizin inkişafına yüksək diqqət və qayğı göstərib. Ulu Öndərin gənclər siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində istedadlı fleytaçı, Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali məktəbinin tələbəsi Ağarəhim Quliyev söyləyib.

Prezident təqaüdçüsü olduğunu xatırladan gənc musiqiçi göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Ağarəhim Quliyev müsahibədə Fransadakı təhsili, nüfuzlu “Qızıl açar” mükafatına layiq görülməsi barədə də məlumat verib. O deyib: “Bakıda müəllimim, Xalq artisti, fleyta ifaçısı Müzəffər Ağamalızadə mənə peşəkarlığımı artırmaq üçün Avropada təhsil almağı məsləhət gördü. Əvvəlcə İtaliyaya getmək istədim, lakin dostum, Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali məktəbinin tələbəsi Vurğun Vəkilov mənə Fransaya gəlməyi təklif etdi və mən də razılaşdım. Qəbul imtahanını uğurla verdim. İmtahanı müvəffəqiyyətlə verdiyim üçün Cortot təqaüdü qazandım və birinci kursda pulsuz təhsil almaq imkanı əldə etdim.

Növbəti uğurum isə “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqəsinin fleyta aləti üzrə “Qızıl açar” mükafatına layiq görülməyim oldu. Mən hələ iki aydır Paris ali musiqi məktəbində təhsil aldığıma görə müsabiqədə iştirak etməyi düşünmürdüm. Lakin müəllimim, Fransada ən yaxşı fleytaçı Patrisiya Naqle məni müsabiqədə iştirak etmək üçün son anda qeydiyyatdan keçirib. O, bunu mənə söyləyəndə bir az özümü itirdim. Müəllimim ilk günlərdən mənə çətin proqram verirdi, lakin öhdəsindən gəlirdim. Maraqlı məqamlardan biri də odur ki, müsabiqədə iştirak etmək üçün ən azı ümumilikdə 100 saat məşğul olmaq lazım idi, amma mənim cəmi bir həftəm var idi, 45 saat məşğul ola bildim və müsabiqənin fleyta üçün “Qızıl açar” mükafatına layiq görüldüm. Müsabiqə çətin, münsiflər heyəti tanınmış fleytaçılardan ibarət idi”.

Gənc fleytaçı bundan əvvəl bir neçə beynəlxalq müsabiqəyə qatıldığını da bildirib. O, Estoniyanın Narva şəhərində “Baltika ulduzları” IV Beynəlxalq musiqi müsabiqəsində ölkəmizi təmsil edib. 2012-ci ildə Bakıda ISESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə İslam dünyasının gənc klassik musiqi ifaçılarının birinci beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. 2016-cı ildə ölkəmizdə “Multikulturalizm İli” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Prezident təqaüdçülərinin konsertində onun uğurlu ifası alqışlarla qarşılanıb.

Ağarəhim Quliyev musiqiçi ailəsində böyüsə də, əvvəllər musiqiyə marağının olmadığını bildirib: “Ailəmizin bütün üzvləri - atam, anam, nənəm musiqiçidirlər. Nənəmin məsləhəti ilə özüm üçün royalda ifa edirdim. Sonra musiqi məktəbinə getdim. Əvvəl-əvvəl o qədər də marağım yox idi, sonradan başa düşdüm ki, musiqisiz yaşaya bilmərəm. Ancaq piano yox, fleyta ilə daha çox maraqlanırdım. Filarmoniyada konsertlərə gedirdim. Orada Xalq artisti Rauf Abdullayevin dirijorluq etdiyi konsertdə Müzəffər Ağamalızadə fleytada solo ifa edirdi. Onun ifasını çox sevirdim. Konsertdən sonra Rauf Abdullayev məni səhnə arxasına apararaq gələcək müəllimimlə tanış etdi. Beləliklə, Mstislav Rostropoviç adına 21 saylı musiqi məktəbində fleyta sinfinə getdim. Getdikcə musiqi məni daha çox cəlb etdi. Musiqini mənə sevdirdiyi üçün müəllimim M.Ağamalızadəyə təşəkkür edirəm. O, mənə yaşımdan yuxarı proqram verirdi. Bütün klassik alman əsərlərini mənə öyrətdi. Filarmoniyada, konservatoriyada, müxtəlif konsertlərdə ifa etməyə başladım. Məktəbi bitirib Bakı Musiqi Akademiyasına daxil oldum. Müəllimim bildiklərini mənə öyrətmişdi, mən isə yenilik axtarırdım. Buna görə də M.Ağamalızadə mənə Avropada təhsil almağı məsləhət gördü. Hazırda təhsilimi davam etdirirəm. Bilirəm ki, qarşıda məni hələ çox müsabiqələr gözləyir. Ona görə də daha çox çalışıram”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi